Doğum günün mübarək, 36 yaşlı əfsanə!

Posted on 03/03/2016

0


İlham Zəkiyev - Aygün İlqarqızı -

Bu gün Azərbaycanın əfsanəyə çevrilən idmançısı, cüdoçu İlham Zəkiyevin doğum günüdür. 3 mart 1980-ci il tarixində dünyaya gələn Zəkiyev hər zaman qələbələri ilə Azərbaycana sevinc bəxş edib. O, əsl qəhrəmandır – ikiqat paralimpiya, ikiqat dünya, altıqat Avropa çempionu, əməkdar idman ustası, “Şöhrət” ordeni, “Tərəqqi” medalı, “Heydər Əliyev” Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl Çinar” mükafatları laureatı – Zəkiyev İlham Əzizağa oğlu.  http://publika.az/p/127821 

O, həm həyatı, həm də qələbələri ilə gənclərə daim nümunə olub. Gözlərini itirən İlhamın vətən, idman və həyat sevgisi heç vaxt tükənməyib. Vətənə xidmətini tatami üzərində də davam etdirib. O, hələ də Azərbaycana medal gətirmək, bayrağımızı dalğalandırmaq arzusuyla alışıb yanır.

Ona uğurlarının sirri soruşulduğunda belə cavab verir: “İnsan hər zaman sevməlidir – vətənini, işini, peşəsini, ailəsini – və bu zaman uğur özü gəlib səni tapacaq. Həmçinin öz üzərində çalışmalıdır”.

Hətta dəfələrlə cəbhə bölgəsində olan, əsgərlərimizi ziyarət edən idmançımız keçən il 16 il öncə hərbi xidmətdə olduğu Murovdağa da getmişdi. 16 il sonra ilk dəfə əlinə silah alan Zəkiyev bir neçə saniyə ərzində avtomatı söküb-yığmışdı.

Xatırlatma…

1999-cu il fevralın 4-də Fizuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən snayperinin gülləsinə tuş gəlib. Bu zaman güllə cüdoçumuzun sol gicgahından daxil olub sağ gicgahından çıxıb. Xəstəxanaya aparılan Zəkiyev 5 gün komada qalıb. Həkimlər idmançımızın yaxınlarına, ailəsinə “idmançı olduğu üçün ürəyi bu günə qədər dözüb, amma öləcək, gedin hazırlığınızı görün” deyib. Lakin 5 gün sonra anasının səsinə komadan ayılıb. O gündən görmə qabiliyyətini itirsə də, Azərbaycan xalqının qəlbində taxt qurmağı bacarıb.

Həyatı mübarizələrlə dolu olan əfsanəvi idmançı komadan sonra ayağa qalxdığı vaxtı belə xatırlayıb:

“Əlbəttə, ilk vaxtlar belə olmaq çox çətin idi. Sonra hər gün mübarizə, hər gün mücadilə… Şükürlər olsun, dostlarım, ailəm həmişə mənim yanımda oldu, mənə dəstək oldular və bu vəziyyətdən çıxa bildim”.

Aygün İlqarqızı